“Bakı Metropoliteni” QSC 2020-ci ilin mart-aprel aylarında Cəfər Cabbarlı-Xətai stansiyaları arasındakı ikinci xəttin tikintisini başa çatdırmağı planlaşdırır. Bu barədə bu gün jurnalistlərə cəmiyyətin baş mühəndisi Əlixan Osmanov məlumat verib.
"Bu mərhələdə Cəfər Cabbarlı və Xətai stansiyaları arasında qatarlar bir yolla hərəkət edir. Gələn ilin mart-aprel aylarında ikinci yolun tikintisini başa çatdırmağı planlaşdırırıq və beləliklə, qatarlar bu stansiyalar arasında iki xətt üzrə hərəkət edəcək", - deyə o bildirib.
Baş mühəndis, həmçinin qeyd edib ki, gələcəkdə Bakı Metropoliteni Xətai stansiyasından Həzi Aslanov stansiyasına qədər tunellərin inşasını davam etdirməyi planlaşdırır. Beləliklə, "Xətai" "Həzi Aslanov - Cəfər Cabbarlı" istiqamətində yaşıl xətt üzrə ("Elmlər Akademiyası", "Memar Əcəmi" və s.) hərəkət edən sərnişinlər üçün keçid stansiyası olacaq.
Bənövşəyi xətdə ("Avtovağzal-Memar Əcəmi”) B-3 stansiyasının tikintisi demək olar ki, başa çatıb, bütün işlərin tamamlanması müəyyən səbəblərdən 2020-ci ilin ortalarına qədər təxirə salınıb. Bütövlükdə, bənövşəyi xətt Xocasən və Qaraçuxur qəsəbələrini birləşdirəcək. Bu xətdə 12 stansiya və depo istismara veriləcək. Hazırda üç stansiyanın tikintisi demək olar ki, başa çatıb”, - deyə Ə.Osmanov əlavə edib.
Bakı Metropoliteninin mətbuat xidmətindən verilən məlumata görə,”B-3” stansiyasının və Xocasən qəsəbəsində deponun birinci mərhələsinin 2020-ci ildə işə salınması planlaşdırılıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfəri ötür.*
N.Abbasova