Xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Səmi Abdulla Ğoşenin etimadnaməsinin surətini qəbul edib.
“Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib”, - deyə XİN-in mətbuat xidmətindənbildirilib.
Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən E.Məmmədyarov bu xüsusda, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayıb.
Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu deyən səfir Səmi Abdulla Ğoşe diplomatik fəaliyyəti dövründə İordaniya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.*
B.Rüstəmbəyov