Noyabrın 14-də Bakıda “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçiriləcək.
Forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə təşkil olunub.
Forumda sahibkarların maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatları tərəfindən göstərilən xidmətlər, dövlət və özəl qurumların təqdim etdiyi mövcud və alternativ maliyyələşdirmə mexanizmləri ilə bağlı ictimai müzakirələr aparılacaq.
Forumun işində bankların, bank olmayan kredit təşkilatlarının, kredit ittifaqlarının, eləcə də Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyası və s. təşkilatların nümayəndələri iştirak edəcək.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 16-da 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın social-iqtisadi inkişafına həsr olunan iqtisadi müşavirədə bildirib ki, iqtisadiyyatın real sektorunun maliyyələşməsində bank sektorunun rolundan narazıdır. “Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”, - Əliyev deyib.
Bununla əlaqədar MBNP-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) və kommersiya banklarının rəhbərliyi ilə görüş keçirilib. Görüşdə maliyyə bazarlarındakı cari vəziyyət, bank sektorunun effektivliyi, real sektorun inkişafında bank sektorunun rolu, biznes kreditləşməsi sahəsində problemlər müzakirə olunub. Görüşün sonunda bankların strateji planlarının yenidən gözdən keçirilməsi və qısa müddətdə təkliflərin Palataya təqdim olunması qərara alınıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2019-cu ilin yanvar-sentyabr aylarında bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 9,4% - 14 mlrd. 243 mln. manatadək artıb.
Cari ilin 9 ayı ərzində bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 18,3% - 6 mlrd. 292,1 mln. manatadək artıb və ya bankların və BOKT-ların ümumi kredit portfelinin 44,2%-ni təşkil edib.**
B.Rüstəmbəyov