“Embafinans BOKT” MMC noyabrın 14-də 1 mln. manat həcmində istiqrazlar yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
“İstiqrazlar 365 gün müddətinə və illik 10,5 faiz dərəcəsi ilə buraxılıb. Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 1 min ədəd istiqraza bölünüb. Sifarişlər 5 investor tərəfindən təqdim edilib. Sifarişlərin ümumi məbləği 1,523 mln. manat olub”, - deyə məlumatda bildirilir.
BOKT cəlb edilmiş vəsaitləri şirkətin gələcək fəaliyyətinin dəstəklənməsinə, xüsusilə satışların kreditləşdirilməsinə yönəldəcək.
“Embafinans” 2012-ci ildən fəaliyyət göstərir və bu illər ərzində 150 mindən çox müştəriyə 160 milyona yaxın kredit verib. Nizamnamə kapitalı 10 mln. manatdır. Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi cəmi 4,5%-dir. Effektivliyinə (mənfəət/kapital nisbətinə) və kredit portfelinin problemsizliyinə görə ilk 5 bankla müqayisə ediləcək səviyyədədir.
“Embafinans” mebel və məişət avadanlıqları bazarında bir çox şirkətlərin məhsullarını kreditləşdirir. “Embafinans”ın 2-si Bakıda, 4-ü isə regionlarda olmaqla 6 filialı var.*
Ə.Məmmədov