2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $5 mlrd. 366 mln. 232,92 min təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 20,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $28 mlrd. 276 mln. 884,85 min (2018-ci ilin 10 ayı ilə müqayisədə artım 12,1% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $16 mlrd. 821 mln. 558,89 min (artım 5,3%), idxalın həcmi $11 mlrd. 455 mln. 325,96 min (artım 23,8%) təşkil edib.
İxracın strukturunda 77,08% neftin, 2,19% neft məhsullarının, 11,19% təbii qazın, 0,37% elektrik enerjisinin, 2,71% meyvə-tərəvəz məhsullarının, 0,05% çayın, 0,09% bitki və heyvan mənşəli yağların, 0,14% qəndin, 0,13% spirtli və spirtsiz məhsulların, 0,51% kimya məhsullarının, 0,96% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,55% pambıq, 0,15% pambıq ipliyin, 0,3% qara metal və ondan hazırlanan məmulatların, 0,64% alüminium və ondan hazırlanan məmulatların, 2,94% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 11,72% ərzaq məhsullarının, 0,85% tütün və tütün məhsullarının, 2,06% əczaçılıq məhsullarının, 0,93% gübrələrin, 2,94% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,04% odun və agac məhsullarının, 2,05% geyim və geyim aksessuarlarının, 7,42% qara metal və ondan hazırlanan məmulatların, 18,61% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 8,63% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,74% mebelin, 42,01% digər məhsulların payına düşüb.
Yanvar-oktyabr aylarında xarici ticarət əməliyyatlarında 8,105 min özəl və dövlət müəssisəsi və 27,156 min fiziki şəxs iştirak edib. Bu dövrdə Azərbaycan dünyanın 190 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-oktyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 29,35%-i), Türkiyə (13,76%), İsrail (6,87%), Hindistan (5,68%), Almaniya (4,85%), Çin (4,22%) və İspaniya (4,18%), əsas idxal əməliyyatlarını isə Rusiya (16,33%), Türkiyə (11,58%), İsveçrə (10,62%), Çin (9,42%), ABŞ (6,01%), Almaniya (5,06%), Kanada (3,45%) və İranla (3,42%) həyata keçirib.*
N.Abbasova