2019-cu ilin birinci yarısının yekunları üzrə Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 158 milyon 739,4 min manat təşkil edib ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 9,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Bank hesablarında 401,824 milyon manat (aktivlərin 38%-i), uzunmüddətli maliyyə aktivlərində 310,227 milyon manat (29,4%), debitor borclarında 99,6 milyon manat (9,4%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.
2019-cu ilin iyul ayının əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 361,764 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 8,2% çoxdur.
30 iyun 2019-cu il tarixinə sektorun sığorta ehtiyatları 617,371 milyon manat (artım 17,9%), bölüşdürülməmiş mənfəəti 79,821 milyon manat (azalma 38,6%) təşkil edib.
2019-cu il iyulun 1-nə sığorta sektorunda 34 hüquqi şəxs qeydiyyata alınıb, onların 33-ü özəl hüquqi şəxs (8 şirkət xarici kapitala malikdir - İF), 22-si sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 11-i isə broker şirkətidir.
Yanvar-iyun aylarında Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1 min 502,8 manat təşkil edib, bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 16,7% çoxdur.*
Ə.Məmmədov