Prezident İlham Əliyev bu gün Bolqarıstan Respublikasının daxili işlər naziri Mladen Marinovu qəbul edib. Bu barədə prezidentin rəsmi saytında məlumat verilir.
İ.Əliyev Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini qeyd edib və onun yaxın vaxtda uğurla reallaşdırılacağına ümidvar olduğunu deyib.
“Bolqarıstan Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının işində həmişə yüksək səviyyədə, nazir səviyyəsində iştirak edir. Əminəm ki, ölkələrimizi birləşdirən bu layihə yaxın vaxtda uğurla başa çatdırılacaq. Lakin, həmçinin əmtəə dövriyyəsinin də artırılmasını nəzərdə tuturuq. Düşünürəm ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasından sonra ölkələrimizin biznes qurumları bir-biri ilə daha çox əlaqə saxlayacaq və daha sıx əməkdaşlıq edəcəklər”, - deyə dövlət başçısı qeyd edib.
M.Marinov Cənub Qaz Dəhlizi layihəsinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. O vurğulayıb ki, bu layihə Bolqarıstana 1 milyard kubmetr qaz tədarükünü təmin edəcək.
“Azərbaycan bizim həm energetika sahəsində, həm də gələcək nəqliyyat dəhlizlərinin inkişafında, iqtisadi əlaqələr üzrə və təhlükəsizlik sahəsində strateji tərəfdaşımızdır. Cənub Qaz Dəhlizinin tikintisinin vaxtında başa çatdırılmasına nail olmaq və beləliklə, bir milyard kubmetr qaz tədarükünü təmin etmək bizim üçün çox vacibdir”, - deyə o qeyd edib.*
X.Nəsirzadə