"Nikoil Bank" rebrendinq prossesinə başlayıb. Nəticədə bankın adı “Yelo Bank” ilə əvəzlənib.
Yeni ada və korporativ stilə keçid tədricən baş tutacaq və gələn ilin aprel ayında tamamlanmağı nəzərdə tutulur. İlkin mərhələdə yeni loqotip rəsmi sənədlərdə və fərdi ünsiyyət elementlərində əks olunacaq. Reklam kommunikasiyalarında köhnə bank loqotipi bir müddət istifadə ediləcək. Bundan sonrakı aylarda filialların, bankomatların, web-səhifələrin, reklam materialların dizaynı tamamilə yenilənəcək və "Yelo Bank" ilə əvəzlənəcək.
Bankın rebrendinqi tanınmış London agentliyi Winkreative tərəfindən həyata keçirilib. Bu şirkət 20 ildən artıq maliyyə qurumları və tanınmış böyük beynəlxalq brendlərlə əməkdaşlıq edir.
““Yelo Bank" yalnız yeni bir ad və yeni rəng deyil. Bu, iki ildir davam edən işlərin təzahürüdür və bunun nəticəsində bankın keyfiyyətcə müasir səviyyəyə keçməyə hazır olmasıdır. Əminəm ki, yeni "Yelo Bank" etibarlı və sürətli inkişaf edən bir maliyyə qurum kimi Azərbaycanın bank bazarında layiqli yer tutacaq. Bankın əsas səhmdarı olaraq hər zaman bu banka dəstək olacam!”, - deyə bankın əsas səhmdarı, “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
Bankın Müşahidə Şurasının sədri Marina Kulişovanın sözlərinə görə, strategiyaya əsasən, "Yelo Bank" mikro, kiçik və orta sahibkarlara, fiziki şəxslərə xidmət göstərməyə və kredit verməyə yönlənəcək.
“Biz bu seqment üçün ən cəlbedici bank olmaq istəyirik və öz resurslarımızı yenilikçi, müasir maliyyə xidmətlərinin həyata keçirilməsi üçün istifadə etməyə hazırıq. Bununla "Yelo Bank" Azərbaycanın bank sektorunun ümumi inkişafına öz töhfəsini verəcəkdir", - deyə o qeyd edib.
“Nikoil Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” şirkətidir.*
Ə.Məmmədov