SOCAR, “Uzbekneftqaz” SC və “Uzximprom” SC Özbəkistandan kimya, neft-kimya məhsulları və gübrələrin Avropa bazarlarına ixracı üçün birgə müəssisə yaratmağı planlaşdırırlar.
Bununla bağlı razılaşma Özbəkistan Energetika Nazirliyində Azərbaycan nümayəndə heyəti ilə görüşün yekunları üzrə əldə olunub. Azərbaycan nümayəndə heyətinin tərkibinə SOCAR, «SOCAR Trading» və «Chemtrade LLC» şirkətlərinin nümayəndələri daxil olub.
Özbəkistan tərəfini energetika nazirinin birinci müavini, eləcə də “Uzbekneftqaz” SC və “Uzximprom” SC rəhbərliyinin üzvləri təmsil ediblər.
“Tərəflər kimya və neft-kimya məhsullarının Avropaya ixracı istiqamətində birgə müəssisənin yaradılması məsələsini müzakirə ediblər. Görüşün yekunları üzrə SOCAR, “Uzbekneftqaz” SC və “Uzximprom” SC arasında birgə müəssisənin yaradılması haqqında Niyyət Protokolu və Yol Xəritəsinin hazırlanması və imzalanması barədə razılaşma əldə olunub. Müəssisə kimya, neft-kimya məhsullarının və gübrələrin Avropa bazarlarına ixracı ilə məşğul olacaq”, - deyə Energetika Nazirliyinin məlumatında bildirilir.
Bu planlar Özbəkistan və Azərbaycan prezidentləri Şavkat Mirziyoyev ilə İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının oktyabrda Bakıda keçirilən iclası çərçivəsində baş tutan görüşü zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq həyata keçirilir.
Görüş çərçivəsində Azərbaycan nümayəndə heyətinin başçısı, «SOCAR Trading» şirkətinin Neft-kimya məhsulları Departamentinin marketinq və satış üzrə baş meneceri Rüfət Katibli Azərbaycanın Özbəkistandakı neft emalı zavodlarına karbohidrogen xammalı tədarükündə maraqlı olduğunu bildirib.*
A.Əzizov