Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsov populyar Pikabu.ru portalında dərc etdiyi "Njde həmişə Rusiyaya qarşı mübarizə aparıb" adlı məqalədə Ermənistan KİV-nin nasist cinayətkar Qaregin Njdenin reabilitasiyası üzrə Rusiya-Ermənistan Komissiyasının yaradılması ideyasını kəskin tənqid edib.
“Nasist cinayətkar Njdenin reabilitasiyası üzrə birgə Rusiya-Ermənistan komissiyasının yaradılması ideyasında məni ən çox iki aspekt - cəhalət və həyasız təkəbbürlülük qıcıqlandırır. Bu ideyanın müəllifi və ya müəllifləri - istər Ermənistanın baş naziri Nikol Paşinyan, istərsə də Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan olsun - Njdenin həyat və yaradıcılığı barədə nəinki Rusiya, həm də Ermənistan tarix elminə gözəl məlum olan tarixi həqiqətləri bilmədiklərini nümayiş etdirirlər", - deyə Kuznetsov "İnterfaks-Azərbaycan" agentliyinə belə məqalənin dərc edilməsinin səbəblərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, “Ermənistan ictimai-siyasi həyatının bu iki personajı”ndan bir az daha savadlı olan erməni tarixçi və siyasətçilər yaxşı bilirlər ki, Njde Üçüncü Reyxin fəal əməkdaşı və fövqəlbəşər erməni haqqında Tsexakron nasist təliminin yaradıcısı olub və bunu heç vaxt gizlətməyə çalışmayıblar.
"Sadəcə ümumi Türkofobiyaya əsaslanan müasir erməni ictimai-siyasi düşüncəsi Njdenin Osmanlılarla mübarizəsini göylərə qaldırır, onun xüsusilə Böyük Vətən Müharibəsi illərində faşistyönümlü və anti-Rusiya fəaliyyətini isə şüurlu surətdə görmək istəmir”, - deyə o qeyd edib.
Kuznetsov vurğulayıb ki, erməni tərəfinin "tarixi həqiqətə qətiyyən uyğun olmayan (müəlliflərin özləri də bunu yaxşı bilirlər) qərəzli nəzər nöqtəsini Rusiya auditoriyasına zorla qəbul etdirmək istəməsi də onda qəzəb doğurub. “Kobud şəkildə desək, Ermənistan rəhbərliyi Rusiyadakı erməni diasporu vasitəsilə Rusiya vətəndaşlarını sadəlövh, maymaq - tənqidi düşünmək qabiliyyəti olmayan insanlar hesab edərək utanmadan onları əllərində oynatmaq üçün fəal şəkildə cəhdlər edir. Bu məsələdə erməni təbliğatının yönəldici ideyaları aydındır – Njde Ermənistanın gülünc və çirkin müasir dövlət ideologiyasının bütöv konstruksiyasının dayaq sütunudur, buna görə də Njde haqqında tarixi həqiqət Ermənistanın siyasi və maliyyə elitasının təhlükəsizliyinə təhdid kimi başa düşülür”, - deyə tarixçi vurğulayıb.
O əlavə edib ki, Rusiyada nasizmin qəhrəmanlaşdırılması mümkün deyil. Rusiya nasizmin bütün milli çalarlarında onun qalibi olub, qalibidir və qalibi olacaq və bu halda nasizmin “erməni çaları” da istisna deyil", – deyə O.Kuznetsov bildirib.*
A.Əzizov