TANAP layihəsi ilk öncə Türkiyə ilə Azərbaycan arasında tarixi dostluğun rəmzidir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində bəyan edib.
“Qeyd etmək lazımdır ki, TANAP – regionda sülhün möhkəmlənməsinə yönələn regional layihədir. Biz bu gün ölkələrimiz və regioun üçün tarixi məqamın şahidi oluruq”, - Ərdoğan bildirib.
Onun sözlərinə görə, TANAP – uzunluğu 3,5 min kilometr təşkil edən Azərbaycandan Avropaya enerji dəhlizinin mühüm hissəsidir.
“2012-ci ilin iyun ayından etibarən bugünədək TANAP layihəsinin reallaşdırılması üçün çox səy göstərmişik. Biz, çoxsaylı maneələr, regiondakı qeyri-sabit vəziyyət və silahlı münaqişələrə baxmayaraq, plana uyğun olaraq TANAP-ın tikintisini başa çatdırdıq”, - Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, TANAP hesabına 16 milyard kubmetr həcmində təbii qazın Azərbaycandan Türkiyəyə nəqli arzudan reallığa çevrilib. **
Ə.Məmmədov