Moldova prezidenti İqor Dodon Azərbaycanın səfiri Qüdsi Osmanovla işgüzar görüş keçirdiyi barədə məlumat verib.
“Ticarət-iqtisadi, energetika və humanitar sahədə ikitərəfli münasibətləri müzakirə etdik. Ölkələrimizin reallaşdırmadığı böyük potensialın olduğunu qeyd etdik və qarşılıqlı maraq kəsb edən bütün istiqamətlər üzrə əlaqələrin aktivləşdirilməsinin tərəfdarı olduğumuzu ifadə etdik”, - Dodon özünün Facebook səhifəsində yazıb.
O bildirib ki, bu kontekstdə ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlıərarası Komissiyanın dördüncü iclasının keçirilməsinin vacibliyini vurğulayıblar (sonuncu iclas 2012-ci ildə keçirilib). O cümlədən, Komissiyanın iclası çərçivəsində biznes forumun keçirilməsi və Azərbaycan şirkətlərinin Moldova Respublikasında tematik sərgilərdə iştiraka cəlb olunması planlaşdırılır.
Dodon əlavə edib ki, Moldova infratsruktur layihələrin reallaşdırılmasında Azərbaycandan investorların cəlb edilməsində maraqlıdır. Xüsusilə, yolların tikintisi sahəsində Azərbaycan şirkətlərinin təcrübəsi maraq kəsb edir.
“ilk öncə Qaqauz Yeri muxtar ərazisində sosial layihələrin reallaşdırılmasında mühüm yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirdim. Belə ki, Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət-Tədris Mərkəzinin tikintisi başa çatır. 2017-ci ilin iyun ayında Bakıya rəsmi səfərim zamanı Azərbaycan prezidenti İlham Əliyevlə şəxsi görüşüm nəticəsində müvafiq razılıq əldə olunub”, - Dodon yazıb.
O, həmçinin Qlobal Bakı Forumuna dəvətə görə Azərbaycan tərəfinə minnətdarlığnı bildirib, “2020-ci il 12-14 mart tarixlərində keçiriləmsi planlaşdırılan Foruma səfər imkanını nəzərdən keçirirəm”.
O cümlədən, Dodon İlham Əliyevə ünvanladığı 2020-ci ildə Moldovaya rəsmi səfər etmək dəvətini bir daha təsdiq edib. **
A.Əzizov