Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində döyüş hazırlığını yoxlayıb.
“Döyüş postlarında növbə çəkən şəxsi heyətlə görüşən nazir müdafiənin dayanıqlığını, qışa hazırlığının vəziyyətini, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib”, - nazirliyin mətbuat xidməti qeyd edir.
Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra nazir bölmələrin daima döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.
Müdafiə naziri cəbhəboyu zonaya yaxın ərazidə yeni istifadəyə verilmiş mühəndis şəhərciyində də olub. “Mühəndis hazırlığının yüksək səviyyədə təşkili və yerinə yetirilməsini təmin etmək, şəxsi heyətin mühəndis təminatı tapşırıqlarını mürəkkəb döyüş şəraitində ərazinin relyefini nəzərə almaqla yerinə yetirməsi vərdişlərini təkmilləşdirmək üçün şəhərcikdə lazımi infrastruktur yaradılıb. Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində xüsusi texnikanın mürəkkəb relyef və sərt iqlim şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi, həmçinin döyüş tapşırıqlarının məşq etdirilməsi nəzərdə tutulub”, - nazirlikdən qeyd olunur. **
A.Əzizov