“Azercell” mobil operatoru və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “SmartCell” həllinin tətbiqi sahəsində əməkdaşlığa dair razılığa gəlib. Bu barədə nazirlikdən məlumat verilir.
“SmartCell” həllinin tətbiqinə dair “Azercell” ilə MHM arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd elektron imzadan istifadə etməklə mobil operatorla müştəri arasında bağlanılan elektron abunə müqaviləsinin tətbiqi, abunəçilərin üz təsviri üzrə eyniləşdirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutur”, - məlumatda deyilir.
Memorandumu Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və "Azercell" şirkətinin prezidenti Vahid Mürsəliyev imzalayıb.
Nazirliyin məlumatına görə, "SmartCell" üz tanıma və elektron imza texnologiyalarını birləşdirən yeni mobil həldir. Eyni zamanda üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir. Sistem, müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsinə, həmçinin abunə müqaviləsinin elektron imza ilə imzalanmasına imkan verir.
“Perspektivdə üz tanıma və elektron imza texnologiyalarını birləşdirən “SmartCell” texnologiyası bank və maliyyə sahələrində də tətbiq edilə biləcək. Bu texnologiyanın tətbiqi zamanı prosesin videoçəkilişini də təmin etmək mümkündür”, - məlumatda deyilir. **
N.Abbasova