“Unibank” daxili innovasiyaların stimullaşdırılmasına 1 milyon dollar məbləğində vəsait ayırıb. Bunu “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.
“Bankın idarəetmə sistemlərinin strateji inkişafı çərçivəsində, xüsusi təşviq mexanizminin yaradılması ilə daxili innovasiyaların stimullaşdırılması prosesinə başladıq. Daxili innovasiyalara dəstək məqsədi ilə 1 milyon dollar ekvivalentində maliyyə vəsaiti ayrıldı”, - Hüseynov bankın mətbuat xidmətinə müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, proqramın məqsədi bankın IT, biznes və ya idarəetmə sisteminin inkişafını, məhsul və xidmətlərin səmərəliliyinin artırılmasını nəzərdə tutan ideyaları ortaya çıxarmaqdır.
“Təklif olunan layihələrə bankın hər hansı bir istiqamətdə xərclərini azaltmağı nəzərdə tutan səmərələşdirici təklifləri də aid etmək olar. Əsas təqdim olunan innovasiya layihələrinin tətbiqi nəticəsində maliyyə səmərəsinin olmasıdır. İdarə Heyətinin qərarı müsbət olduqda, səmərələşdirici təklifin/yeni məhsulun müəllifinə bu layihənin tətbiqi üçün razılıq verilir və onun maliyyələşdirilməsi aparılır. Sonda layihənin tətbiqinin nəticəsi qiymətləndiriləcək və birinci il ərzində əldə olunan maliyyə göstəricisinin 50%-i bu ideyanı irəli sürən müəllifə ödəniləcək”, - Hüseynov qeyd edib.
Bankın sədri vurğulayıb ki, layihələr qısa müddətli və yaxud uzun müddətli ola bilər. Layihələrin maksimal icra müddəti 5 ildir. İnnovasiya təklifinin və ya yeni məhsulun biznes planının nümunə forması da artıq təsdiqlənib.
“Unibank” 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.**
Ə.Məmmədov