Konstitusiya Məhkəməsi Plenum iclasında “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin prezident İlham Əliyevə müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul edib.
Məhkəmənin məlumatına görə, çərşənbə günü Konstitusiya Məhkəməsi Plenum iclasında müvafiq qərar qəbul edib.
Yekun qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.
İclas zamanı qərar barədə danışan sorğu verən tərəfin nümayəndəsi - Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov bildirib ki, bu qərar faktiki olaraq parlamentdə çoxluq təşkil edən, Yeni Azərbaycan Partiyasının üzvləri olan deputatların təşəbbüsü ilə qəbul edilib.
Onun sözlərinə görə, bu qərar Azərbaycan Respublikası Konstitusiyasının 98.1-ci maddəsinə uyğundur.
Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan prezidenti İlham Əliyev ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixi elan etməlidir.
Milli Məclis dekabrın 2-də keçirilən plenar iclasda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət qəbul edib.
Müraciəti 99 deputat dəstəkləyib, 1 deputat əleyhinə, 1 deputat birtərəf qalıb, daha 1 deputat - səsvermədə iştirak etməyib. Parlament müraciətində qeyd edib: “Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi islahatlar son aylar ərzində keyfiyyətcə yeni səviyyəyə çıxış əldə edib. Nazirlər Kabineti, icra hakimiyyəti, mühkəmə sistemində, bir sözlə desək, bütün sahələrdə aparılan strukrur və kadr islahatları xalq tərəfindən müsbət qiymətləndirilir. İslahatların sistemli xarakteri, yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik orqanında da islahatların dərinləşməsini və parlamentin yenilənməsini şərtləndirib. Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilə islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsi təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir. Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə dərin islahatlar strategiyasına uyğunlaşmasına dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”.
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 2-də parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Azərbaycan tarixində növbədənkənar parlament seçkiləri ilk dəfə keçiriləcək.
Növbəti parlament seçkiləri 2020-ci ilin noyabr ayında keçirilməli idi.**
A.Əzizov