Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC+ ölkələri nazirlərinin görüşündə iştirak edəcək. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“Nazir OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Vyanaya yola düşüb. Şahbazov dekabrın 6-da keçiriləcək OPEC+ ölkələri nazirlərinin görüşündə iştirak edəcək”, - nazirlikdən vurğulanır.
OPEC+ ölkələri nazirlərinin görüşü çərçivəsində qlobal neft bazarının vəziyyəti müzakirə ediləcək.
“Nazirlər OPEC-in dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyalarının təhlili əsasında hazırlanmış təqdimatı və ölkələr üzrə öhdəliklərin icra göstəriciləri nəzərdən keçirəcəklər”, - məlumatda deyilir.
OPEC+ iştirakçılarının neft hasilatının məhdudlaşdırılmasına dair cari sazişi gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı ilə müqayisədə neft hasilatının 2020-ci ilin aprel ayına qədər azaldılmasını nəzərdə tutur. Saziş yarım il müddətinə 2018-ci ilin dekabr ayında imzalanıb, iyul ayında isə sazişin 2020-ci ilin aprel ayınadək uzadılmasına dair qərar qəbul olunub. Eyni zamanda, Azərbaycan gündəlik neft hasilatının 20 min barel 776 min barrelədək azaldılmasına dair öhdəlik götürüb.
2019-cu ilin yanvar-oktyabr aylraında Azərbaycanda gündəlik neft hasilatı 762 min barrel təşkil edib.
2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.**
N.Abbasova