Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Bakıdakı səfiri Said Xan Mohmand ilə görüş zamanı hərbi əməkdaşlıq çərçivəsində kompleks məsələləri müzakirə edib.
Nazirliyin məlumatına görə, Mohmand Bakıda diplomatik fəaliyyətini başa çatdırır.
“Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib. Regionda baş verən son hadisələrin müzakirəsi zamanı Azərbaycan Ordusu ilə Pakistan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunur.
Həmsöhbətlərin rəyinə görə, Azərbaycanla Pakistan arasında münasibətlər hərbi əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait yaradıb.
“Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb”, - məlumatda vurğulanır. **
X.Nəsirzadə