Fəaliyyət göstərdiyi 20 il ərzində TRACECA dəhlizinin marşrutları ilə yük daşımalarının ümumi həcmi 1 milyard tonu keçib. Bunu cümə günü TRACECA-nın baş katibi Mirça Ciopraqa deyib.
“Əgər TRACECA proqramına start verildiyi 90-cı illərin əvvəlində bu dəhliz ilə illik yük daşımaları təxminən 200 min ton təşkil edirdisə, o zaman bu günə həmin rəqəm 300 dəfədən çox artıb. Fəaliyyət göstərdiyi illər ərzində dəhlizin marşrutları ilə müxtəlif yük daşımalarının ümumi həcmi artıq 1 milyard tolu keçib”, - Ciopraqa cümə günü Bakıda keçirilən TRACECA Hökumətlərarası Komissiyasının 14-cü iclasında bildirib.
Həmçinin, baş katib vurğulayıb ki, daşınan yüklərin 50%-ni karbohidrogenlər təşkil edib. “İndiyədək Aİ ilə birlikdə 187 milyon avro dəyərində 85 layihə reallaşdırılıb. Dəhlizin infrastrukturuna ümumilikdə 4 milyard avrodan çox sərmayə yatırılıb”, - o qeyd edib.
Ciopraqa əlavə edib ki, TRACECA beynəlxalq nəqliyyat dəhlizi rəsmi qaydada “aparıcı beynəlxalq təşkilatlar tərəfindən Avropanı Asiya ilə birləşdirən təbii tranzit körpüsü qismində” tanınıb.
Onun sözlərinə görə, ölkələrin səyləri gələcək dinamik inkişafa yönəlib. “Xüsusilə, tənzimləyici normaların harmonizasiyası və sadələşdirilməsi, sərhədlərin keçidinin asanlaşdırılması” qabaqcıl nəqliyyat və informasiya texnologiyaların istifadəsi üzrə tədirlər, həmçinin TRACECA regionunda fasiləsiz nəqliyyat əlaqəsinə zəmanət verən digər amillər həyata keçirilir”, - baş katib deyib.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır. **
X.Nəsirzadə