OPEC+ nazirləri 2020-ci il yanvarın 1-dən neft hasilatının yenidən azaldılması barədə razılığa gəliblər. Bu barədə jurnalistlərə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Nəticələr çox müsbətdir, biz bazarın tənzimlənməsinə nail olduq və bu gün də tənzimləməyə davam edirik, bu, həm istehsalçı, həm də istehlakçı ölkələrin xeyrinədir. Bütün bunları nəzərə alaraq, biz hasilatın az həcmdə azaldılması barədə razılığa gəldik. Bu, gələn ildən etibarən öz töhfəsini verəcək”, - deyə o bildirib.
“Yanvarın 1-dən hasilatın azaldılması üzrə yeni kvotalar qüvvəyə minəcək. Hesab edirəm ki, bu razılaşma ən azı mart ayına qədər qüvvədə olacaq. Mart ayında nazirlərin növbədənkənar iclası, Birgə Monitorinq Komitəsinin (JMMC) iclası, nazirlər görüşü keçiriləcək, bazar yenidən təhlil olunacaq, nəticələr öyrəniləcək və lazım gələrsə, qərarlar qəbul ediləcək”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, kondensat hasilatı ilə bağlı hələ ki, heç bir dəyişiklik yoxdur və əvvəlki razılaşmalar qüvvədə olacaq.*