REAL 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyi qərara alıb. Bu barədə partiyanın lideri İlqar Məmmədov bildirib.
“42 dairə üzrə REAL partiyasının 9 fevral parlament seçkiləri üçün namizədlərini artıq müəyyən etdik. Bu siyahıya bəzi əlavə və dəyişikliklər hələ mümkündür. 21 dairə Bakıya, 21 dairə isə regionlara aiddir. Namizədlərin adları yaxın günlərdə açıqlanacaq”, - deyə o, Facebook səhifəsində yazıb.
Ümid Partiyası da növbədənkənar parlament seçkilərində iştirak etməyi planlaşdırdığını açıqlayıb. “Partiyanın Ali Məclisi seçkilərdə iştirak etmək üçün 72 nəfərin namizədliyini təsdiq edib”, - deyə partiyanın mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Daha əvvəl Müsavat Partiyası da növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlamışdı.
Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-də başlanacaq və təşviqat fevralın 8-də dayandırılacaq.
Prezident İlham Əliyev dekabrın 5-də beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.*
A.Əzizov