2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 34 milyard 419,2 milyon manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 17 milyard 415,8 milyon manat (2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 3,1%), qeyri-ərzaq mallarının alınmasına 17 milyard 3,4 milyon manat (artım 3,9%) sərf olunub.
Yanvar-noyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,7%-i içki və tütün məmulatlarının, 18,4%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 159,9 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 156,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
N.Abbasova