Azərbaycan və Gürcüstan bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafı üçün potensiala malikdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tbilisidə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Gürcüstanın baş naziri Giorgi Qaxariya arasında keçirilən görüşdə tərəflər ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
“G.Qaxariya prezident İlham Əliyevi 2020-ci ildə Gürcüstana dəvət edib. Öz növbəsində, nazir E.Məmmədyarov iki ölkə arasında strateji münasibətlərə toxunaraq bu münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. O, eyni zamanda, Gürcüstanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, iki ölkə arasında energetika sahəsində layihələrin həyata keçirilməsi və bərpaolunan enerji sahəsində hər iki ölkənin potensialının olduğu diqqətə çatdırılıb.
“Nazirlər Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar və dövlət sərhədinin delimitasiyası ilə bağlı komissiyanın növbəti iclasının yaxın zamanda keçiriləcəyini qeyd ediblər”, - deyə məlumatda vurğulanır.*
N.Abbasova