Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzi il ərzində 70 mindən artıq vətəndaşa xidmət göstərəcək. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
“Bu DOST mərkəzi gün ərzində 250-300 vətəndaşı qəbul edə biləcək. Mərkəz Bakının Xəzər və Pirallahı rayonlarının əhalisinə xidmət edəcək. İl ərzində 70 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 xidmət göstəriləcək”, - deyə o, bu gün DOST mərkəzinin açılışı zamanı prezident İlham Əliyevə bildirib.
Dövlət başçısı qeyd edib ki, ikinci DOST mərkəzinin yaradılması ölkənin sosial siyasətində növbəti addımdır. “Həm DOST, həm də “ASAN xidmət” mərkəzləri bizim intellektual məhsulumuzdur. Ümid edirəm ki, gələcəkdə DOST xidmətinin də fəaliyyəti başqa ölkələrdə maraq doğuracaq və təcrübə mübadiləsi üçün bizə müraciətlər daxil olacaq”, - deyə o vurğulayıb.
2019-2025-ci illərdə ölkədə 31 DOST mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində açılacaq.
DOST mərkəzlərində vətəndaşlara 132 adda sosial xidmət göstəriləcək, bunların 91-i elektron formada olacaq. Hazırda DOST mərkəzində 20-dən artıq elektron xidmət göstərilir.*
A.Əzizov