Bakı və Tbilisi dövlət sərhədinin delimitasiyası prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır, ekspertlərin növbəti görüşü 2020-ci ilin əvvəlində keçiriləcək. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
“1996-cı ildən iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiyanın sonuncu iclası bu il Bakıda keçirilib. İki ölkə arasındakı 480 kilometrlik sərhədin 314 kilometri razılaşdırılıb, razılaşdırılmamış 166 kilometrlik xətti üzrə danışıqlar davam etdirilir. Cari il ərzində ekspertlərin iki görüşü keçirilib, növbəti görüşünün isə gələn ilin əvvəli Tbilisidə keçirilməsi gözlənilir”, - deyə o, yerli mətbuata müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, mütəxəssislər tərəfindən müvafiq araşdırma, o cümlədən arxiv və kartoqrafik materialların öyrənilməsi kimi tədbirlər həyata keçirilməlidir.
“Önəmlisi ondan ibarətdir ki, həm Azərbaycan, həm də Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır. Ümidvaram ki, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübəyə əsaslanaraq hüquqi müstəvidə və strateji tərəfdaşlıq münasibətlərimizə uyğun şəkildə həll olunacaq”, - deyə E.Məmmədyarov qeyd edib.*
X.Nəsirzadə