Prezident İlham Əliyev 2019-cu ili uğurlu il kimi qiymətləndirib, qarşıya qoyulan bütün vəzifələr icra edilib.
“2019-cu il arxada qalır. Bu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilib, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib”, - deyə dövlət başçısı Dünya Azərbaycanlılarının Həmrəylik Günüvə Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycan sabitlik şəraitində yaşayıb.
“Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir”, - deyə İ.Əliyev qeyd edib.
O bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur. “Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir”, - deyə prezident vurğulayıb.
İ.Əliyev əlavə edib ki, il ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi. “Gah deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb və bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə İ.Əliyev söyləyib.
Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycanın ardıcıl, düşünülmüş siyasəti münaqişənin həllinə gətirib çıxaracaq. “İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”, - deyə İ.Əliyev vurğulayıb.
O qeyd edib ki, 2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq. “Bu il iqtisadiyyat artmışdır, iqtisadiyyatın qeyri-neft sektoru 3 faizdən çox artmışdır. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək. Bizim valyuta ehtiyatlarımız bu il 4,5 milyard dollar artmışdır və rekord həddə - 50 milyard dollara çatmışdır. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfədən çox artıqdır”, - deyə prezident əlavə edib.*
A.Əzizov