2019-cu ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı 771 min barrel olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“2019-cu ilin dekabr ayı üzrə respublikada gündəlik neft hasilatı 771 min barrel olub, bununla da Azərbaycan OPEC+ çərçivəsində götürdüyü öhdəliyi (gündəlik 776 min barrel – İF) tam yerinə yetirib. Noyabrda gündəlik hasilat 776 min barrel təşkil edib”, - deyə məlumatda bildirilir.
2019-cu ilin dekabr ayında Azərbaycanda 680 min barrel xam neft, 91 min barrel kondensat hasil edilib. Gündəlik 457 min barrel xam neft (noyabrda 577 min barrel), 84 min barrel kondensat, 19,9 min barrel neft məhsulları ixrac edilib.
“Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib”, - deyə məlumatda qeyd olunur.
2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb. OPEC və qeyri-OPEC ölkələrinin iyulun 2-də Vyanada keçirilmiş iclasının yekunları üzrə neft hasilatının azaldılmasına dair razılaşmanın müddəti 2020-ci ilin I rübünün sonunadək uzadılıb. Azərbaycan 2020-ci ilin yanvar ayından hasilatı daha 7 min barrel - 769 min barrelədək azaltmaqla bağlı öhdəlik götürüb.
2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.*
N.Abbasova