“Masdar” şirkəti 2022-ci ildə Azərbaycada 200 meqavatlıq günəş elektrik stansiyası istifadəyə verəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a Dubay Palatasının (Dubai Chamber) Azərbaycan ofisindən məlumat verilib.
“Məlum olduğu kimi, dünyada bərpaolunan enerji mənbələri sahəsində aparıcı şirkətlərdən olan “Masdar” Azərbaycan Energetika Nazirliyi ilə 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb. Stansiyanın 2022-ci ildə istifadəyə veriləcəyi gözlənilir”, - Palatadan qeyd ediblər.
Palatada “Masdar” ilə imzalanmış müqavilə “BƏƏ ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığı daha da genişləndirəcək əlamətdar tərəfdaşlıq” kimi dəyərləndirirlər.
2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. “ACWA Power” və “Masdar” şirkətlərinin bərpaolunan enerji mənbələri sahəsində həyata keçirəcəkləri pilot layihələr ümumilikdə $300 milyondan artıq qiymətləndirilir. Şirkətlər maliyyələşdirmənin bütün həcmini öz üzərlərinə götürürlər.
“Masdar” şirkəti isə bərpaolunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4000 meqavat həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 milyard dollar investisiya yatırıb.
Bu gün Azərbaycanda elektrik enerjisinin 91,9%-i ənənəvi enerji resursundan - təbii qazdan alınır. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın 8,1%-i həcmindədir. İri su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir.
Qiymətləndirmələrə görə, bərpaolunan enerji mənbələrinin potensialı 26 min MVt ətrafındadır.
Bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması nəzərdə tutulur. Bərpaolunan enerji mənbələrindən istehsal ediləcək 1 milyard kVt/st elektrik enerjisi 200 milyon kubmetrdən çox qaza qənaət etməyə imkan verəcək. **
N.Abbasova