2019-cu ildə Azərbaycanda 3 milyon 170 min xarici turist gəlib, onlar ölkədə 4,3 milyard manat xərcləyiblər ($2,53 milyard). Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlmişdir. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləmişlər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər($2,53 milyard). Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir növ ixrac növüdür”, - Əliyev bazar ertəsi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə qeyd edib.
Prezidentin sözlərinə görə, ölkənin makroiqtisadi vəziyyətinin sabit olmasında da bunun çox böyük rolu var. “Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14% artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaq”, - dövlət başçısı qeyd edib. **
B.Rüstəmbəyov