Azərbaycan Mərkəzi Bankı 2020-ci ildə qeyri-nağd ödənişlərin səviyyəsinin artırılması və nağd ödənişlərin məhdudlaşdırılmasını davam etdirməyi planlaşdırır. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
“Keçən il milli ödəniş sistemi vasitəsilə ödənişlərin həcmi 10%, sayı isə 41% artıb. O cümlədən ödəniş kartlarının sayı 13% və kart ödənişlərinin sayı 29%artıb”, - Rüstəmov bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Rüstəmov əlavə edib ki, kartlar vasitəsilə qeyri-nağd ödənişlərin həcmi 57%, elektron-bankinq, elektron ticarət üzrə ödənişlər isə 93% yüksəlib.
“Burada müsbət dinamika özünü göstərir. Bu, bir tərəfdən ötən il bu sahədə aparılan islahatların, bütövlükdə təbii ki, şəffaflaşdırmanın nəticələridir. Digər tərəfdən isə ödəniş sisteminin modernləşdirilməsi istiqamətində, nağd ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı reallaşdırılır, tədbirlər öz nəticəsini verir. Amma burada görəcəyimiz işlər olduqca çoxdur. Hesab edirəm ki, cari ildə bu istiqamətdə qarşımızda olduqca mühüm vəzifələr durur”, - Rüstəmov vurğulayıb. **
Ə.Məmmədov