Azərbaycan və Dünya Bankı yanvarın 18-də məşğulluğun dəstəklənməsi ilə bağlı $100 milyon məbləğində kredit sazişinə dair rəsmi danışıqlar keçirməyi planlaşdırır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Biz artıq Dünya Bankı ilə ilkin müzakirəni yekunlaşdırmışıq. Kredit sazişi üzrə danışıqlar yanvar ayının 18-nə təyin olunub. Bu danışıqlar yekunlaşdıqdan, Dünya Bankının proseduruna uyğun onun Şurasında təsdiq olunduqdan sonra iyun ayına qədər müqavilənin imzalanmasını gözləyirik”, - Babayev bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə qeyd edib.
Nazirin sözlərinə görə, Dünya Bankı ilə müzakirələr nəticəsində belə qərara gəlinib ki, müqavilə imzalanana qədər də retroaktiv maliyyələşmə prinsipi əsasında hazırlıq işləri artıq fevral ayından başlayaraq icra ediləcək.
Babayev qeyd edib ki, bankın kredit vəsaiti özünüməşğulluq proqramının inkiaşafına sərf olunacaq. 2019-cu ildə 10 min 354 vətəndaş bu proqrama cəlb edildi. “Onlar müvafiq təlimləri başa vurdular, öz biznes planlarını uğurla müdafiə etdilər və artıq 8 min 500 nəfəri öz aktivlərini alıb. Aktivlərin paylanma prosesi davam edir və ayın sonuna qədər qalanları da aktivlərlə tam şəkildə təmin olunacaq”, - nazir məruzə edib.
“Burada əsas məqsəd, təbii ki, Dünya Bankının vəsaitindən istifadə etmək deyil. Halbuki bu da önəmlidir. Əsas məsələ onların təcrübəsindən yararlanmaqdır. Çünki Dünya Bankı bir çox ölkələrdə oxşar proqramları icra edib və onların bu sahədə böyük təcrübəsi var. Ona görə imzalanacaq sazişə də böyük əhəmiyyət veririk. Əminəm ki, saziş imzalanandan sonra Dünya Bankı ilə bu istiqamət üzrə bizim yeni əməkdaşlıq çərçivələrimiz də müəyyən ediləcək”, - prezident qeyd edib.
Xəbər verildiyi kimi, DB-nin Direktorlar Şurası 2020-ci il mart ayının ikinci yarısında məşğulluğun dəstəklənməsi üçün Azərbaycana $100 milyon məbləğində krdeitin verilməsini təsdiq etməyi planlaşdırır. **
X.Nəsirzadə