2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondunun agent banklarına ipoteka krediti ilə bağlı vətəndaşlardan 7,096 min müraciət daxil olub.
“2019-cu il ərzində müvəkkil banklara ümumi məbləği 503 mln. manat təşkil edən 7096 sayda müraciət daxil olub”, - Fondun 2019-ci ildə fəaliyyətinin yekunlarına dair məlumatında qeyd edilir.
Hesabat ilində banklar tərəfindən 174 mln. manat məbləğində 2652 ipoteka krediti verilib (2018-ci ildə İKZF-nin agent bankları 273 milyon amant məbləğində ipoteka krdeiti veriblər - İF). Həmçinin, 1.39 min (80 mln. manat) güzəştli ipoteka kreditləri verilib.
2019-cu il ərzində 226,5 mln. manat məbləğində (3398 ədəd) ipoteka krediti Fond tərəfindən yenidən maliyyələşdirilib.
“Ümumilikdə, 2006-2019-cu illərdə Fondun vəsaiti hesabına ümumi məbləği 1 milyard 391 mln. manat təşkil edən 27,883 min kredit verilib. Bu kreditlərin 436 mln. manatdan çox hissəsi (8839 ədəd) sosial kreditlərin payına düşüb”, - Fond qeyd edir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
A.Əzizov