2019-cu ildə Azərbaycanda təbii qazın daxili istehlakı 2018-ci illə müqayisədə 8,7% - 11 milyard 531,59 milyon kubmetrə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan”a SOCAR şirkətindən (ARDNŞ) məlumat verilib.
“Ölkədə təbii qazın ümumi daxili istehlakı, il ərzində texniki sərfiyyat və itkilər çıxıldıqdan sonra 2018-ci ilin 10 milyard 613,246 milyon həcmində göstəricisinə qarşı 11 milyard 531,59 milyon kubmetr təşkil edib. Beləliklə, 2019-cu ildə ölkədaxili təbii qaz istehlakı təxminən 918 milyon kubmetr və ya 8,7% artıb”, - şirkətdən bildiriblər.
Məlumata görə, artımın böyük hissəsi qaz-kimya sənayesində istehsalat səviyyəsinin yüksəlməsi, xüsusilə xammal kimi təbii qazdan istifadə edən SOCAR-ın Karbamid və Metanol zavodlarının fəaliyyətə başlaması ilə bağlıdır.
“Bundan əlavə, ölkədə təbii qaz infrastrukturunun genişlənməsi nəticəsində 2019-cu ildə Azərbaycan əhalisi arasında qaz istehlakının səviyyəsi təxminən 8,5% artıb”, - şirkətdən qeyd ediblər. **
N.Abbasova