Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar görüşü hələlik planlaşdırılmır. Bunu Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan deyib.
“Hələlik bu barədə danışmaq tezdir (iki ölkənin liderlərinin görüşü barədə - İF)”, - Mnatsakanyan jurnalistlərin müvafiq sualına cavabında bildirib.
“Biz danışıqlardan yayınmırıq”, - nazir qeyd edib.
Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünün tarixi ilə bağlı suala Mnatsakanyan cavab verib ki, uyğun zaman tərəflər bu barədə məlumat verəcəklər.
Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin son görüşü 2019-cu il dekabrın 4-də Bratislavada baş tutub.
Öncə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bəyan edib ki, 2020-ci ilin yanvar ayında Ermənistanın xarici işlər naziri ilə növbəti görüş planlaşdırılır. **