Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azmonbat” MMC qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Bununla da Sənaye Parkının rezidentlərinin sayı 21-ə çatıb.
“Azmonbat” MMC Sənaye Parkının ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirəcək. Layihəyə əsasən, yaradılacaq müəssisədə utilizasiya nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə ediləcək.
““Azmonbat” MMC gələcəkdə parkın ərazisində avtomobil akkumulyatorlarının istehsalı müəssisəsinin yaradılmasını da nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
“Azmonbat” “Monbat Group” (Bolqarıstan) və ”EPC Group” (Azərbaycan) arasında yaradılmış birgə müəssisədir.
Daha əvvəl prezident İlham Əliyev bildirmişdi ki, Sumqayıt Kimya Sənaye Parkı ərazisində 20 şirkət fəaliyyət göstərir (layihələrin investisiya portfeli $3 milyard təşkil edir. Artıq 13 zavod fəaliyyət göstərir və bu il 7 yeni zavod işə salınacaq.
2019-cu ilin 9 ayı ərzində SKSP-nin rezidentləri 190 milyon manatlıq məhsul ixrac edib ki, bu da həmin dövrdə Azərbaycanın qeyri-neft ixracının 11%-ni təşkil edib. 9 ay ərzində rezidentlər tərəfindən 600 milyon manat sərmayə qoyulub ki, bu da Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna bütün investisiyaların 50%-ni təşkil edir.*
X.Nəsirzadə