2010-cu ildən etibarən keçirilən Bakı Beynəlxalq Forumu beynəlxalq gündəmdə çox mühüm əhəmiyyət kəsb edir. Bu sözləri Federal Mədəniyyət və Kinematoqrafiya Agentliyinin (Roskultura) sədri Mixail Şvıdkoy deyib.
Onun sözlərinə görə, Bakı Forumu həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə vacibdir.
“Bakı Beynəlxalq Forumu həqiqətən planetar əhəmiyyətə malik bir hadisəyə çevrilib. Forum müxtəlif ölkələrin, o cümlədən Avropa, ABŞ, Mərkəzi Asiya və Uzaq Şərq ölkələrinin nümayəndələrinin diqqətini cəlb edir”, - deyə Şvıdkoy bu gün Bakıda jurnalistlərə bildirib.
Sədr vurğulayıb ki, Rusiya Azərbaycanı Qafqazda vacib strateji tərəfdaşı hesab edir. “Bizim böyük planlarımız var. Bir-birimizi sevdiyimizi sübut etməyə ehtiyac duymuruq. (...) Mədəniyyət sahəsində əlaqələrimiz çox dərin köklərə malikdir”, - deyə o, “Moskva-Bakı: mədəniyyətlərin dialoqu” layihəsini şərh edərkən söyləyib.
Öz növbəsində, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, Bakı ilə Moskva arasında mədəni dialoq iki ölkənin mədəni əlaqələrini genişləndirməyə imkan verəcək.
“Bu layihə Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən böyük siyasi layihənin tərkib hissəsidir. Bu layihə BMT Baş Assambleyasının qətnamələrində tanınıb və bu gün siyasi lüğətdə “Bakı Prosesi” adlanır”, - deyə nazir əlavə edib.*
X.Nəsirzadə