Nağdsız ödənişlərin həcminin artması kölgə iqtisadiyyatının azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.
“Nağdsız ödənişlərin 10% artması kölgə iqtisadiyyatının 5% azalmasına səbəb olur. Bu, bizi nağdsız əməliyyatların inkişafı istiqamətində fəal işləməyə təşviq edir”, - deyə o, bu gün Bakıda keçirilən “VISA Cashless Forum”da bildirib.
Baş direktor qeyd edib ki, 2019-cu ilin sonuna Azərbaycanda ödəniş kartlarının sayı 7,3 milyona çatıb, onlardan 1,5 milyonu təmassızdır.
"2020-ci ildə fiziki və hüquqi şəxslərə tranzaksiyaları bir neçə saniyə ərzində həyata keçirməyə imkan verən ani ödənişlər sistemi işə salınacaq", - deyə F.Osmanov əlavə edib.
Ani ödənişlər sistemi əməliyyatların 5-10 saniyə ərzində həyata keçirilməsinə imkan verəcək. Sistemin yaradılması ilə İsveçrənin «CMA Small Systems AB» şirkəti məşğul olur.*
Ə.Məmmədov