Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini müzakirə edib.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev bu gün T.Klaarı qəbul edib.
“Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib, bu yaxınlarda (fevralın 28-də - İF) Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti toplantısında Avropa İttifaqının yüksək səviyyədə iştirak etmək niyyətində olmasının önəmini vurğulayıblar.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD layihəsinin ümumi dəyəri $38 milyard təşkil edir.
10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.*
A.Əzizov