2019-cu ildə Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 52 milyon 761,9 min ton təşkil edib ki, bu da 2018-cı ilin göstəricisindən 0,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 13 milyon 326,6 min ton yük və ya bütün yükdaşımaların 25,3%-i dəmir yolu nəqliyyatı (2018-ci illə müqayisədə artım 6,1% - İF), 34 milyon 610,9 min tonu və ya 65,6%-i avtomobil nəqliyyatı (artım 4,1%), 4 milyon 824,4 min tonu və ya 9,1%-i dəniz nəqliyyatının (azalma 29,8%) payına düşüb.
2019-cu ildə dəhlizlə daşınan tranzit yüklərin payı bu istiqamətdə yükdaşımaların ümumi həcminin 15,3%-ni və ya 8 milyon 77,2 min ton (azalma 13,6% - İF) təşkil edib.
2018-ci ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 milyon 673,9 min ton yük, o cümlədən 9 milyon 344,8 min ton (17,7%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova