Aprel ayında Azərbaycan və Şanxay Əməkdaşlıq Təşkilatı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı məsələləri üzrə konfrans keçirəcəklər. Bunu Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov deyib.
“Qeyd edim ki,aprelin 21-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı məsələləri üzrə konfransının keçirilməsi ilə bağlı aizin təşəbbüsünüz, Azərbaycanın təşəbbüsü çox vaxtında atılmış mühüm addımdır”, - Norov cümə günü Münxen Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Norov qeyd edib ki, təşkilata üzv ölkələrin əksəriyyəti artıq bu təşəbbüsü dəstəkləyir.
“Düşünürəm ki, bu konfrans nəqliyyat sahəsində müvafiq qurumlar arasında sıx əlaqələrin qurulması və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün vacib meydança olacaq”, - Norov vurğulayıb.
Öz növbəsində, İ.Əliyev qeyd edib ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına dialoq üzrə tərəfdaş qismində qoşulmağı əməkdaşlığa verilən əhəmiyyəti təsdiqləyir. “Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzv ölkələri ilə yaxşı, yaxın, mehriban qonşuluq münasibətlərimiz var. Biz birlikdə ikitərəfli, bəzən üçtərəfli formatda nəqliyyat, energetika, infrastrukturla bağlı çoxlu mühüm layihələri reallaşdırırıq”, - Azərbaycan prezidenti bəyan edib. **
B.Rüstəmbəyov