“Kuwait Airways” aviaşirkəti tezliklə Azərbaycana uçuşlar həyata keçirəcək.
Bu məsələ prezident İlham Əliyev ilə Küveyt Dövlətinin baş naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah arasında bu gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşdə müzakirə olunub.
“Görüşdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Küveytdən Azərbaycana gələn turistlərin sayında əsaslı artımın müşahidə olunduğu vurğulanıb, tezliklə Küveyt Hava Yollarının Azərbaycana uçuşlar həyata keçirəcəyi diqqətə çatdırılıb”, - deyə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi yüksək qiymətləndirilib və bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Küveyt arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin və hökumətlərarası komissiyanın daha da fəallaşdırılmasının vacibliyi qeyd edilib.
“Görüşdə, həmçinin ölkələrimizin OPEC+ çərçivəsində səmərəli əməkdaşlıq etdikləri bildirilib”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov