Bakı və Budapeşt təbii qazın nəqli və paylanması sahələrində əməkdaşlıq imkanlarını öyrənəcəklər. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“Cümə günü Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında yaradılmış Enerji üzrə İşçi Qrupunun ilk iclası zamanı iki ölkə arasında enerji əməkdaşlığının hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə olunub”, - məlumatda qeyd edilir.
İşçi Qrupunun Azərbaycan tərəfdən sədri, Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov iclasda çıxış edərək, geotermal enerji sahəsində Macarıstanın təcrübəsinin öyrənilməsi və birgə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Macarıstanın Enerji təhlükəsizliyi sahəsində Xüsusi tapşırıqlar üzrə səfir Pal Sagvari isə Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsində Azərbaycanın aparıcı rolunu yüksək qiymətləndirib və ölkəsinin Bakı ilə enerji əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirib.
Tərəflər enerji üzrə tədbirlərin təşkil olunması, qarşılıqlı təcrübə mübadiləsinin və enerji sahəsində investisiya əməkdaşlığının aparılması, energetika sektorunda yeni texnologiyalar, xam neft və neft məhsullarının təchizatı da daxil olmaqla marketinq və ticarəti üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
“İclasda bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi, həmçinin gələcəkdə təbii qazın nəqli və paylanması sahələrində əməkdaşlıq imkanlarının öyrənilməsi üzrə birgə fəaliyyətin həyata keçirilməsi razılaşdırılıb. Bundan əlavə, SOCAR və MOL şirkətləri arasında strateji əməkdaşlığın inkişafına dəstək ifadə edilib”, - məlumatda qeyd olunur.
İclasın yekunlarına dair protokol imzalanıb və İşçi Qrupunun ikinci iclasının Azərbaycanda keçirilməsi qərara alınıb. **
N.Abbasova