Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarına müraciət edib.
Fondun məlumatında bildirilir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 28 fevral 2020-ci il tarixindən etibarən başlanacaq.
“Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2012-ci il iyulun 13-də fəaliyyətində yol verdiyi böyük pozuntularla əlaqədar “RoyalBank” ASC-nin lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.
ADİF 2006-cı il dekabrın 29-da qəbul olunan “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə prezidentinin 9 fevral tarixli fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üçün lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.*
Ə.Məmmədov