Sona çatmış 2019-cu il bütünlüklə maliyyə sistemi, xüsusilə də bank sektoru üçün uğurlu olub. Bərpa prosesi xüsusən, tənzimləyicinin bütün prudensial normativlərinə riayət edən əksər banklarda hiss olunub.
“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bankın ötən il əldə etdiyi nailiyyətlər, eləcə də cari ilə olan planları haqqında “İnterfaks-Azərbaycan” agentliyinə müsahibə verib.
Ümumilikdə, ötən ili bank üçün necə qiymətləndirirsiniz?
Bizim ötənilki ən böyük nailiyyətimiz bankın təkrar kapitallaşması prosesinin uğurla tamamlanması olub. Nəticədə, “AccessBank”ın strukturuna yeni səhmdarlar cəlb olunub, bankın nizamnamə kapitalı isə 258,7 milyon manatadək artıb.
Təkrar kapitallaşdırma prosesini tamamladıqdan sonra yeni səhmdarlar, devalvasiya nəticəsində ziyan çəkmiş dollar kredit portfelinin sağlamlaşdırılması üçün müəyyən addımlar atıblar. Biz kredit portfeli üzrə ehtiyatları əhəmiyyətli dərəcədə artırmağa nail olmuşuq və beləliklə də, bankın aktivlərinin keyfiyyətinin mümkün pisləşməsi ilə əlaqədar itkilərin minimuma endirilməsini və kredit risklərinin daha effektiv şəkildə idarə olunmasını təmin etmişik.
Kapitallaşma zamanı bankın planlaşdırılan illik itkilərinin əsas səbəbi də məhz bu cür mühafizəkar tədbirlərdir.
Qeyd edim ki, ötən ilin IV rübünü biz mənfəətlə başa vurmuşuq.Bu amil bizim 2020-ci ilə əminliklə baxmağımıza kömək edir – proqnozlarımıza əsasən, biz cari ili yüksək mənfəətlə başa vurmaq niyyətindəyik. Hazırda bank öz fəaliyyətini, təkrar kapitallaşma nəzərə alınmaqla işlənib hazırlanmış dördillik biznes plana uyğun olaraq tam sürətlə həyata keçirir.
Bankın nizamnamə kapitalının artması gözlənilirmi?
Kapitallaşma zamanı bankın səhmdarları, kredit borcu qismində 20 milyon dollar təşkil ediblər – gözlənilməz kənar risklər baş verdikdə və ya plan göstəricilərindən əhəmiyyətli dərəcədə kənarlaşma olduğu halda, bu məbləği kapitala konvertasiya etmək mümkündür.
Amma 2019-cu il göstərdi ki, bankın göstəriciləri plandan yüksəkdir, bütün prudensial normativlər isə tənzimləyicinin minimal tələblərini üstələyir.
Belə ki, məsələn, bütün ehtiyatların yaradılması və itkilərin qarşılanması nəzərə alınmaqla, biz, 2020-ci ilin yanvar ayını 79,5 milyon manatlıq kapitalla başa vurmağı planlaşdırırdıq. Bununla belə, bizim faktiki kapitalımız 86,7 milyon manat təşkil edib, bu isə biznes-planda nəzərdə tutulandan 7 milyon manat artıqdır.
Beləliklə, artım sürəti və biznes-plana uyğunluq proqnozlarımız nəzərə alınmaqla, hazırda nizamnamə kapitalının daha da artırılmasına ehtiyac yoxdur.
Bankın əmanət portfelinin inkişafını necə qiymətləndirirsiniz?
Fiziki şəxslərin əmanətləri bankımızın fondlaşdırılmasının əsas hissəsini təşkil edir. Məsələn, ötən il üzrə bazardakı bütün banklar arasında məhz fiziki şəxslərin əmanət portfelinin ən böyük artımı məhz bizim bankımızda qeydə alınıb. Ümumilikdə, qeyd etmək lazımdır ki, bütünlüklə ötən il ərzində əmanət portfelinin artım dinamikası müşahidə olunub, bu isə əhalinin bankımıza etibarının bariz göstəricisidir. Ümumilikdə bank sektorunda əmanətlərin artımı cüzi olsa da, bizim bankımızda bu göstərici 160 milyon manatdan çox olub.
Cari hesablar da daxil olmaqla, bizim müştəri hesablarımız 2019-cu ilin sonuna 680 milyon manat təşkil edib, fiziki şəxslərin əmanət portfeli isə 114 milyon manatdan çox artıb. Bu fakt əmanət portfelinin sabit artımının göstəricisi olmaqla bərabər, müştərilərimizin ödəniş qabiliyyətinin yüksəlməsinin sübutudur.
Bazarda manat əmanətləri hələ də əhali üçün yüksək gəlirli hesab olunur. Bizim üçün isə bu, gələcəkdə də maliyyələşdirmə mənbələrini diversifikasiya etməyə və yalnız beynəlxalq təşkilatların vəsaitlərindən asılı olmamağa imkan yaradır.
Mərkəzi Bank uçot dərəcələrini azaltmaqda davam edir. Bu, “AccessBank”da kreditlər üzrə faiz dərəcələrinin azaldılmasına təsir göstərəcəkmi?
Nəzəri cəhətdən demək olar ki, təsir göstərəcək. Bazar üçün bu, müəyyən bir sabitlik siqnalıdır. Digər tərəfdən, faiz dərəcələrini əsaslandıran müəyyən amillər mövcuddur. Buraya vəsaitlərin özlərinin, bankın əməliyyat xərclərinin dəyəri və s. aiddir. Bütün bunlara kompleks yanaşma tələb olunur. Daha böyük effektivliyə nail olmaq naminə bankın daxili optimallaşdırma üzrə həyata keçirdiyi tədbirlər, birmənalı olaraq,bu və ya digər kredit məhsulu üzrə əməliyyat xərcini azaldacaq. Məsələn, mobil qurğular vasitəsi ilə müxtəlif əməliyyatların həyata keçirilməsi kassirlərə və filiallara çəkilən xərcləri azaltmaqda banklara kömək edəcək. Digər tərəfdən, əmanət dərəcələri ləng də olsa, azalır. Risk amilləri də kredit dərəcəsini artırmaq zərurəti yaratmır. Buna görə də, düşünürəm ki, kredit dərəcələri aşağı düşəcək. Real iqtisadi sektorun inkişafından danışarkən qeyd etmək istərdim ki, bir neçə il bundan əvvəl bir çox oyunçular istehlak portfellərinə böyük vəsaitlər yatırır və öz bizneslərini istehlak kreditlərinin verilməsi üzərində qururdular. Son zamanlarda da buna xüsusi diqqət ayrılır. Bununla belə, istehlak kreditləri vasitəsi ilə biznesləri sabah “həzm edə” bilməyəcəkləri məbləğlə yükləmək olmaz. Düşünürəm ki, bu seqmentdə ciddi tənzimləyici tədbirlərin görülməsi bankların likvidliyinin yüksəlməsinə gətirib çıxaracaq, bu isə, öz növbəsində, əmanət dərəcələrinin və beləliklə də, kredit dərəcələrinin azadılmasına şərait yaradacaq. Bu zaman mövcud rəqabəti də unutmaq olmaz. Yekun nəticədə, ənənəvi olaraq, böyük kredit portfelinə malik olan və faiz dərəcəsini azaltmaqla ümumi səviyyədə gəlirliliyi təmin etməyə qadir olan banklar udacaq.
Hazırda “AccessBank” Mərkəzi Bankın vəsaitlərindən nə dərəcədə asılıdır?
Tarixən “AccessBank” Mərkəzi Bankla kifayət qədər konstruktiv və işgüzar münasibətlər saxlayıb və biz Mərkəzi Bankın dəstəyini hər zaman hiss etmişik. Hazırda bank tənzimləyicinin kredit alətlərinin fəal istifadəçisi deyil. Amma zəruri olduğu halda, əminəm ki, Mərkəzi Bank bu istiqamətdə bizimlə, bazardakı mühüm oyunçulardan biri kimi, əməkdaşlıq məsələsinə lazımi diqqət yönəldəcək.
Bankın kredit portfelində manat və xarici valyuta kreditlərinin payı nə qədərdir?
Manat əmanətlərinin artması sayəsində son 2 il ərzində kreditlərimizin 95%-i manatla verilib, bu isə valyuta riskini tamamilə istisna etməyə imkan yaradır. Potensial dollar kreditləri yalnız müvafiq dollar gəlirlərinə malik şirkətlərə verilə bilər.
Əgər “AccessBank”ın mövcud portfelindən danışsaq, ötən dövrlərdə kifayət qədər çoxlu sayda dollar krediti verilib və devalvasiya nəticəsində onların bir hissəsi restrukturizasiya olunub. Bəzi kreditlərin ödənilməsində isə müştərilər hələ də müəyyən çətinliklərlə üzləşirlər. Manat və xarici valyuta kreditlərinin pay nisbəti 70% - 30% təşkil edir. Dollar portfeli hələ də ödənilməkdədir.
Bu ilin mart ayında əmanətlərin tam sığortalanması müddəti başa çatır. Necə düşünürsünüz, bu modeli saxlamaq zəruridirmi? Yoxsa, köhnə modelə qayıtmaq, yaxud əksinə, yeni bir model işləyib hazırlamaqvaxtıdır?
Mənim sırf şəxsi fikrim bundan ibarətdir ki, əmanətlərin tam sığortalanması modelindən artıq uzaqlaşmaq vaxtıdır. Çünki biz tez-tez belə bir halla rastlaşırıq ki, prinsipcə, bankın seçilməsində həlledici rol oynamalı olan bank fəaliyyətinin effektiv modeli, səhmdarların strukturu, rahat xidmət və s. bu kimi amillər müştəri üçün böyük əhəmiyyət kəsb etmir.
Müştəri hesab edir ki, istənilən halda, bütün vəsaitlər sığortalanıb və dövlət hər bir halda bu vəsaitləri qaytaracaq, buna görə də bank seçərkən yalnız əmanət məhsulunun yüksək qiymətinə əsaslanır. Düşünürəm ki, faiz dərəcəsinin daha da azaldılması və sığortalanmış maksimal məbləğin həcminə məhdudiyyət qoyulması düzgün addım olardı.
Bu nöqteyi-nəzərdən, müəyyən limitlərin qoyulması bankların özlərinə həm biznesdə, həm də öz üzərinə müəyyən risklər götürərkən daha məsuliyyətli olmasına və beləliklə də, onların daha rəqabətli olmasına kömək edə bilər. Məbləğin tam həcmdə kompensasiya edilməsi ilə əlaqədar devalvasiyadan sonra qəbul olunan qərarı mən, əhaliyə bank sisteminin dövlət tərəfindən dəstəklənməsinə zəmanət vermək üçün hökumətin icra etdiyi özünəməxsus sosial layihə adlandırardım.
Cari ilin planlarından danışaq. Bank bu il nə kimi yeniliklər etmək niyyətindədir? Maliyyə göstəriciləri üzrə proqnozlar və gözləntilər necədir?
Bizim əsas vəzifəmiz ili mənfəətlə başa vurmaqdır. Həmçinin, kredit portfelinin təkmilləşdirilməsi üzrə də kifayət qədər böyük planlarımız var. Biz bu planları, ilk növbədə, daxili bazarda vəsaitlərin cəlb olunması hesabına həyata keçirmək niyyətindəyik. Biz müştərilərin “AccessBank”a etibar etdiyini və öz vəsaitlərini bizim bankda saxlamaq istədiklərini görürük. Düşünürəm ki, daxili resurslardan istifadə etməklə həmin vəsaitlərin düzgün yerləşdirilməsi ən sağlam kombinasiya və inkişaf modelidir.
Yuxarıda qeyd etdiyim kimi, biz özümüzü aqrar sahədə, orta və kiçik biznesdə görürük. Bununla əlaqədar olaraq, bu istiqamətdə öz aparıcı mövqeyimizi qoruyub saxlamaq üçün böyük işlər görürük. Biz, xüsusən, regionlarda effektiv filial şəbəkəsinə malikik. Regional filiallar aqrobiznesin inkişafını nümayiş etdirirlər və mənim fikrimcə, bu il biz regional səviyyədə əminliklə inkişaf edəcəyik.
Bu gün bank sektorunda öz biznes modellərini şəffaf və effektiv şəkildə qurmağa və müştərini daha da əlçatan etməyə çalışan çoxsaylı oyunçular var. Düşünürəm ki, ölkənin bank sektorunda müştəri uğrunda rəqabət gələcəkdə də artacaq. Bu xüsusda sürətli və keyfiyyətli xidmət səviyyəsi həlledici rol oynayacaq.*
Söhbət etdi Ə.Məmmədov