Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqının dərdini bölüşür və "Xocalıya ədalət" beynəlxalq kampaniyasının həyata keçirilməsi üzrə Azərbaycan hökumətinin səylərini dəstəkləyir.
Bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevin Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanatında deyilir.
“Bəyanatda vurğulanır ki, 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində “dinc vətəndaşlara qarşı görünməmiş qəddarlıq” törədilib. Xocalıda xüsusi amansızlıqla 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır. 487 nəfər ağır ayaralanıb və ya əlil olub.
Amreyev xatırladıb ki, bu faciə nəticəsində 1275 nəfər əsir götürülüb, indiyədək 150 nəfərin isə taleyi barədə məlumat yoxdur.
“Kütləvi qətlərin qurbanların xatirəsini hörmətlə anırıq, Azərbaycan hökuməti və xalqına başsağlığı veririk”, - bəyanatda vurğulanır.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı nəticəsində Azərbaycana vurulan ziyan $170 mln.-dan artıq səviyyədə qiymətləndirilir. **
A.Əzizov