Koronovirusla əlaqədar Qazaxıstanın Xəzər dənizindəki Aktau və Kurık limanlarına bərə daşımalarına tətbiq etdiyi bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) məlumatında deyilir.
“Azərbaycan və Qazaxıstanın aidiyyatı qurumları arasında aparılan danışıqlardan sonra ölkəmizdən bərə gəmilərlə Qazaxıstan istiqamətində vaqonla yanaşı, sərnişinlərin və yük avtomobillərinin daşınmasına da icazə verilib. Minik avtomobillərinin daşınmasına qoyulan qadağa isə qüvvədə qalıb”, - deyə məlumatda bildirilir.
Bununla belə, İrana aid hər növ avtomobilin, eləcə də İran vətəndaşlarının ASCO gəmiləri ilə Qazaxıstanın Aktau və Kurık limanları istiqamətində daşınmasına yenə də icazə verilməyəcək.
ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı bərpa olunub.
Xəbər verildiyi kimi, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 5-dən Qazaxıstan Xəzər dənizindəki Aktau və Kurık limanlarına xaricdən gələn gəmilərin daxil olmasını dayandırır. Qərara əsasən, sərnişin, sürücü, yük bələdçiləri və təkərli texnikaların ölkəyə daxil olması qeyri-müəyyən müddətək təxirə salınıb. Bərələrlə vaqon daşımaları isə həyata keçirilməkdə davam etdiriləcək. Bununla bağlı Qazaxıstan tərəfi Xəzər dənizində gəmiçilik fəaliyyəti ilə məşğul olan şirkətləri, o cümlərdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni məlumatlandırıb.
Koronavirusla bağlı ASCO əks-epidemik profilaktik tədbirlər həyata keçirir. Şirkətin balansında olan gəmilərdə, struktur idarələrdə mütəmadi aparılan dezinfeksiya işləri gücləndirilib. Profilaktik tədbirlər çərçivəsində Qazaxıstan və Türkmənistan istiqamətində üzən bərə gəmiləri (13 bərə, 2 Ro-Ro) əlcək, respirator, eynək, kombinezon kimi qoruyucu vasitələr və məsafədən hərarət ölçən cihazlarla təmin olunub.*
B.Rüstəmbəyov