Azərbaycanda qadınların 48,2%-i ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7%-i, orta ixtisas təhsil müəssisələrində 78,9%-i, ali təhsil müəssisələrində 54,7%-i, həkimlərin isə 66%-i qadınlardır. Bundan başqa, ali təhsil müəssisələrinin tələbələrinin 48,8%-i qızlardır.
2020-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1%-ni qadınlar təşkil edir. Onların 52,1%-i nəsilvermə qabiliyyətinə malikdir. Ötən il doğulmuş 141,2 min körpədən 46,8%-i qız uşaqlarının payına düşüb.
Hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası fəaliyyət göstərir.
Statistik məlumatlara görə, elmi işçilərin 58,2%-ni qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,5%, sahibkarlar arasında isə 21,7%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42,6% qadınlardır.*
X.Nəsirzadə