Azərbaycann müdafiə naziri general-polkovnik Zakir Həsənov Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə nazirlikdən məlumat verilir.
“Görüşdə tərəflər Azərbaycan Ordusunun zabitlərinin təcrübə mübadiləsi məqsədilə Almaniya Silahlı Qüvvələrinin qərargahlarında xidmət keçmələri, ordumuzun nümayəndələrinin Almaniya hərbi qulluqçularının cəlb edildiyi hərbi təlimlərdə müşahidəçi qismində iştirakı müzakirə olunub”, - məlumatda deyilir.
Bundan başqa, tərəflər hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, regional enerji layihələrinin təhlükəsizliyinin birgə təmin edilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Həmçinin, Həsənov ikitərəfli və NATO proqramları çərçivəsində, xüsusilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri barədə səfirə məlumat verib. **
B.Rüstəmbəyov