Azərbaycan və Gürcüstan sərhədin müvəqqəti bağlanması barədə qərar qəbul edib.Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumata verilib.
Bu qərar Azərbaycan Respublikasının baş naziriƏli Əsədovilə Gürcüstanın baş naziri Giorgi Qaxariya arasında telefon danışığı nəticəsində qəbul olunub.
“Hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 14 mart saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxmasını, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq”, - Nazirlər Kabinetindən bildirilib.
Eyni zamanda, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz də fəaliyyət göstərəcək.
İndiyədək Azərbaycanda 19 nəfər COVİD-19 koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 3 nəfər sağalıb, bir nəfər vəfat edib, 15 nəfər müalicə alır. **
Ə.Məmmədov