Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Azərbaycan neftinin nəqlinə başlanılıb, yaxın zamanlarda neft Belarus ərazisinə çatacaq. “SOCAR Trading” ilə əldə edilmiş razılığa əsasən ötən bazar günü ikinci tanker Odessa limanında qəbul edilib. Bu barədə “İnterfaks-Qərb” agentliyinə “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko məlumat verib.
“Odessa-Brodı neft kəməri ilə neftin nəqlinə istirahət günlərində başlanılıb, yaxın zamanlarda isə neft Brodı-Mozır neft kəməri ilə nəql edilməyə başlayacaq”, - deyə o bildirib.
Mətbuat katibi, həmçinin qeyd edib ki, 80 min ton həcmində “Urals” nefti ilə dolu tanker bazar günü Novorossiysk limanından Odessa limanına çatıb.
Xəbər verildiyi kimi, “SOCAR Trading” mart ayında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusa ümumi həcmi 250 min tona yaxın 3 partiya neft nəql edəcək. Martın 12-də Ceyhan limanından 90 min ton “Azeri Light” markalı, martın 15-də isə Novorossiysk limanından 80 min ton “Urals” markalı neftlə dolu tankerlər Odessa limanında qəbul edilib. Bundan başqa, Supsa limanından Odessa limanına daha 80 min ton “Azeri light” markalı neftin daxil olacağı gözlənilir.
Daha əvvəl verilən məlumata görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft tədarük edə bilər.
Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin tədarükü nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.*